"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Ermənistandan didərgin salınmış azərbaycanlıların hüquqlarının bu günə qədər bərpa olunmaması yerli hakimiyyət nümayəndələri kimi bizləri çox narahat edir”-Hümbət Hüseynov bu mövzuda Strasburqda çıxış edib

--2023-03-23 / 07:10

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 44-cü Sessiyasında nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edib. Çıxışın mətnini olduğu kimi təqdim edirik

“Mənə söz verdiyiniz üçün təşəkkür edirəm.

Gördüyümüz kimi, Birləşmiş Millətlər Təşkilatının 2030 Gündəliyi bütün ölkələrə vətəndaşların və onların yaşadıqları icmaların rifahını yaxşılaşdırmaq üçün təcili çağırış olan 17 Dayanıqlı inkişaf Məqsədlərini (DiM) sadalayır.

Razıyam ki, Gündəliyin icrasının mərkəzində vətəndaşlar olmalıdır. Yerli və regional hakimiyyətlər vətəndaşların ehtiyaclarını ödəmək üçün onlara ən yaxın hakimiyyət orqanları kimi əsas məsuliyyət daşıyırlar. Buna görə də vətəndaşlar icmanın inkişafı məsələlərinə dair yerli qərarların qəbulunda iştirak etməlidirlər. Onlar öz icmalarının vahid ərazi planlaşdırılması və resurslarından istifadə ilə bağlı qərarların ortaq sahibləri olmalıdırlar.

2023-cü ildə 6, 7, 9, 11 və 17-ci Məqsədlərin ətraflı nəzərdən keçiriləcəyini nəzərə alaraq, həmkarlarımın diqqətini 11-ci məqsədə yönəltmək istərdim.

Bildiyimiz kimi, 11-ci məqsəd şəhər və icmaların açıqlığını, təhlükəsizliyini, dayanıqlığını və ekoloji dayanıqlığını təmin etməkdir.

Bu baxımdan mən artıq uzun illərdir ki, nümayəndələri doğma yurdundan, el-obasından, qohum-əqrəbasından zorla ayrılan icma mövzusuna toxunmaq istərdim.

əsrlər boyu tarixi vətəni olan və bu gün Ermənistan adlanan ərazilərdən didərgin salınmış azərbaycanlıların hüquqlarının bu günə qədər bərpa olunmaması bu gün yerli hakimiyyət nümayəndələri kimi bizləri çox narahat edir.

Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi həm də regional sülhün və təhlükəsizliyin qorunması üçün mühüm şərtdir.

1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan icması” adını almış təşkilat hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənlərindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur.

Azərbaycanlıların müasir Ermənistan ərazisindən qovulması öz siyasi, hüquqi və humanitar miqyasına görə tarixdə analoqu olmayan ədalətsizlikdir.

indiki Ermənistandan qovulmuş azərbaycanlı icmasının ötən onilliklər ərzində mötəbər təmsilçisi olan “Qərbi Azərbaycan icması” icmanın pozulmuş hüquqlarının bərpa edilməsi uğrunda fəaliyyətini daha fəal şəkildə davam etdirmək əzmindədir. icma Ümumdünya insan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına çalışır.

Bütün bunları nəzərə alaraq, “Qərbi Azərbaycan icması”:

Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir;

Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi xahiş edir.

Beynəlxalq ictimaiyyətin insan hüquqlarına getdikcə daha artıq əhəmiyyət verməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq istəyi bizləri, yerli hakimiyyət nümayəndələrini biganə qoya bilməz. Odur ki, plenar iclasın böyük hissəsini həsr etdiyimiz Dayanıqlı inkişaf Məqsədləri bilavasitə insan hüquqlarının həyata keçirilməsi, şəhərlərin və icmaların təhlükəsizliyi, bütün vətəndaşlar üçün layiqli həyat keyfiyyətinin təmin edilməsi ilə bağlıdırsa, onda inanmaq istərdim ki, yuxarıda deyilənlər mənim həmkarlarımı laqeyd qoymayacaq.

Diqqətiniz üçün təşəkkür!”

https://www.youtube.com/watch?v=x-MOLbn7x5g

 

ŞƏRHLƏR